Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin təşkilatçılığı ilə bələdiyyə üzvü Aysel əlizadənin “Maraqlı şənbə” layihəsi həyata keçirilib.
Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə təşkil olunmuş layihədə Binəqədi Bələdiyyəsinin ictimai Humanitar sektor müdiri Kənan Qılıncxanov, əmircan Qəsəbə Bələdiyyəsinin üzvü Jalə Mirzəyeva və rayonun fəal gəncləri iştirak ediblər.
Layihə çərçivəsində əvvəlcə “Səttar Bəlulzadənin ev muzeyi” ilə tanışlıq oldu. Muzey iki mərtəbədən və həyətdən ibarətdir. Muzeyin ekspozisiyası ikinci mərtəbədəki 5 otaq və dəhlizdən ibarətdir. Dəhlizdə Səttar Bəhlulzadənin fərdi və rəssamlarla birgə fotoları, həmçinin “Yuxarı Daşaltı” əsərinin reproduksiyası nümayiş olunur.
Muzeyin kiçik otağında rəssamın əsərlərinin reproduksiyaları, fotolar, fırçaları, heykəltəraş Pyotr Sabsayın “S.Bəhlulzadənin portreti” adlı əsəri nümayiş olunur.
Zalda rəssamın “Mənim anam”, “Kəpəzin göz yaşları”, “Bazardüzü” əsərlərinin reproduksiyaları sərgilənir. Zaldakı vitrinlərdə əlamətdar hadisələrlə əlaqədar rəssama ünvanlanmış təbrik məktubları, təbrik teleqramları, fırça ustasının müxtəlif dillərdə dərc olunmuş kataloqları, rəssamın fərdi sərgilərindən dəvətnamələr və şəxsi sənədləri, Səttar Bəhlulzadə haqqında müxtəlif illərin mətbuat səhifələrində, eyni zamanda, elmi nəşrlərdə dərc olunmuş yazılar və digər tarixi əhəmiyyət kəsb edən eksponatlar yer almışdır.
Qonaq otağında Səttar Bəhlulzadənin və anası Hökümə xanımın fotoşəkilləri, “Qızbənövşəyə gedən yol”, “Füzuli”, “Məcnun” və başqa əsərlərinin reproduksiyaları, rəssamın şəxsi kitabları, sənət dostları tərəfindən bağışlanmış kitablar, eyni zamanda, onun haqqında yazılmış kitablar sərgilənmişdir.
Yataq otağında ev əşyaları ilə yanaşı əsərlərin reproduksiyaları nümayiş etdirilir.
iş otağında isə rəssamın molberti, palitrası, fırçaları, yazı stolu, radiola, əsərlərin reproduksiyaları, fotoşəkilləri, başqa məişət əşyaları yer almışdır.
Muzeyin bələdçisi Səttar Bəhlulzadənin Azərbaycan rəngkarlıq məktəbinin uca zirvəsində duran rəssamlardan biri olduğunu, onun əsərlərinin dünya miqyasında keçirilən sərgilərdə, tədbirlərdə nümayiş olunduğunu bildirdi.
Ekskursiya Muxtarov məscidində davam etdi.Gənclərin məscidlə tanışlığından sonra əmircan Qəsəbə Bələdiyyəsinin üzvü Jalə Mirzəyeva məscidin tarixi haqqında gənclərə geniş məlumat verdi. Sonda xatirə şəkli çəkildi və görüş yekunlaşdı.
Belediyye.info